“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsi üzrə hazırda tender sənədlərinin hazırlanması və yekun investisiya qərarının (FID) qəbuluna dair Yol Xəritəsinin formalaşdırılması istiqamətində işlər aparılır.
Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstanda külək, günəş və su elektrik stansiyalarında istehsal olunan bərpa olunan elektrik enerjisinin Avropa İttifaqı ölkələrinə çatdırılmasını təmin etməkdir.
Dəhliz tam istismara verildikdən sonra onun ümumi ötürmə gücünün 3,9 QVt-a çatacağı gözlənilir. Layihənin texniki infrastrukturu hər biri ±525 kV gərginlikdə və 1 300 MVt gücündə gərginlik mənbəli çeviricilərlə (VSC) təchiz edilmiş üç müstəqil yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürmə sistemindən ibarət olacaq.
Layihənin birinci mərhələsinin 2032-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu mərhələ Bakı–Ksani–Anakliya–Konstantsa-Cənub marşrutu üzrə uzanaraq Macarıstanın Budapeşt şəhəri yaxınlığındakı Albertirsa yarımstansiyasına qədər davam edəcək. Təxminən 3 040 km uzunluğunda olacaq xəttin ötürmə gücü 2 000 MVt təşkil edəcək.
İkinci mərhələnin 2036-cı ildə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələ Bakı–Tskaltubo–Poti–Domneşti (Rumıniya) istiqamətini əhatə edəcək və xəttin ümumi uzunluğu təxminən 2 340 km olacaq.
Üçüncü mərhələnin isə 2040-cı ildə tamamlanması gözlənilir. Bakı–Tskaltubo–Poti–Konstantsa-Cənub marşrutu üzrə qurulacaq bu xəttin uzunluğu təxminən 2 020 km təşkil edəcək.
Hər üç ötürmə xəttinin sualtı hissəsi Qara dənizin dibi ilə Gürcüstan sahillərindən Rumıniyaya qədər uzanacaq. Sualtı kabel hissələrinin uzunluğu təxminən 1 120 km, kabelin çəkiləcəyi maksimum dərinlik isə 2 200 metr olacaq.
Gürcüstanın Ksani və Tskaltubo ərazilərində yerləşəcək quru çevirici stansiyaları dəhlizin ölkənin milli elektrik şəbəkəsinə ikitərəfli inteqrasiyasını təmin edəcək. Bu infrastruktur həm artıq elektrik enerjisinin ixracına, həm də zərurət yarandıqda enerji idxalına imkan yaradacaq.
Layihə Avropa Elektrik Enerjisi Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə onillik şəbəkə inkişaf planına 1248 və 1244 identifikasiya nömrələri ilə daxil edilib.
Texniki-iqtisadi əsaslandırma çərçivəsində CESI şirkəti Azərbaycandan Macarıstana yaşıl hidrogenin nəqlini nəzərdə tutan alternativ boru kəməri layihəsini də qiymətləndirib. Təxminən 3 000 km uzunluğunda olması planlaşdırılan kəmərin 1 115 km-lik hissəsinin sualtından keçməsi nəzərdə tutulurdu. Layihənin ilkin dəyəri 6,6–13 milyard avro arasında qiymətləndirilib.
Lakin aparılan təhlillər nəticəsində layihə iştirakçıları əsas diqqəti elektrik enerjisinin ötürülməsinə yönəltmək və hidrogen komponentinin icrasını müvəqqəti təxirə salmaq qərarına gəliblər.
Bu qərara təsir edən əsas amillər Avropada 2040-cı ilə qədər hidrogen idxalına dair tələbat proqnozlarının aşağı salınması və HVDC elektrik ötürmə sistemlərinin daha yüksək iqtisadi səmərəliliyə malik olmasıdır.
Bununla belə, hidrogen boru kəmərinin tikintisi gələcək üçün mümkün variant kimi saxlanılır. Avropa İttifaqında hidrogen bazarının inkişafından asılı olaraq layihəyə yenidən baxılması mümkündür.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 17 dekabr 2022-ci ildə Buxarestdə Avropa Komissiyasının dəstəyi ilə imzalanıb.
https://report.az/energetika/black-sea-energy-cable-uzre-yekun-investisiya-qerarinin-qebul-edilmesi-ucun-yol-xeritesi-hazirlanir