“Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin idarə olunması məqsədilə təsis edilmiş “Green Corridor Alliance” birgə müəssisəsi ilə Çinin “China Southern Power Grid Company Limited International Co., Limited” (CSGIHK) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənəd Xəzər regionunda yüksək gərginlikli elektrik enerjisi ötürmə layihələrinin inkişaf etdirilməsi, transsərhəd enerji infrastrukturu üzrə birgə araşdırmaların aparılması və strateji tərəfdaşlıq imkanlarının qiymətləndirilməsini nəzərdə tutur.
“Green Corridor Alliance”ın baş direktoru Tural Əliyevin sözlərinə görə, memorandum tərəflər arasında texniki məsləhətləşmələrin, birgə tədqiqatların və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Razılaşma Tural Əliyevin 21-24 oktyabr tarixlərində Çinin Quançjou şəhərinə işgüzar səfəri zamanı əldə olunub. Səfər çərçivəsində o, CSGIHK nümayəndələri ilə görüşlər keçirib, həmçinin Quandun Suydun və Xueyçjou Lunmen konvertor stansiyalarının fəaliyyəti ilə tanış olub.
Bu obyektlərdə ultra yüksək gərginlikli elektrik enerjisi ötürmə sistemləri və iri enerji şəbəkələrinin inteqrasiyası sahəsində tətbiq olunan qabaqcıl texnologiyalar barədə məlumat verilib.
CSGIHK-nin vitse-prezidenti Qonq Yu ilə aparılan danışıqlarda mümkün biznes modelləri, uzunmüddətli əməkdaşlıq perspektivləri, texniki dəstək və mühəndislik təcrübəsinin paylaşılması, eləcə də kapital xərclərinin (CAPEX) optimallaşdırılması məsələləri müzakirə edilib.
Tural Əliyev hesab edir ki, Çin şirkəti ilə əməkdaşlıq yüksək gərginlikli enerji ötürülməsi sahəsində mövcud təcrübənin Transxəzər layihəsinə tətbiqi imkanlarını müəyyənləşdirməyə kömək edəcək. Bu tərəfdaşlıq regional elektrik enerjisi əlaqələrinin möhkəmləndirilməsinə və strateji yaşıl enerji dəhlizlərinin inkişafına töhfə verə bilər.
Qeyd edək ki, Bakıda yerləşən “Green Corridor Alliance” birgə müəssisəsi Azərbaycanın “AzərEnerji” ASC, Qazaxıstanın KEGOC SC və “Özbəkistan Milli Elektrik Şəbəkələri” SC tərəfindən yaradılıb.
Layihənin əsası 13 noyabr 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin imzaladığı yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişi ilə qoyulub. Birgə müəssisənin təsis müqaviləsi isə həmin ilin 27 dekabr tarixində imzalanıb.
2025-ci il aprelin 4-də üç ölkə Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə Transxəzər Yaşıl Enerji Dəhlizi təşəbbüsünün ilkin mərhələsinə başlanıldığını elan edib.
Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın elektrik enerjisi sistemlərinin qarşılıqlı inteqrasiyasını, eləcə də bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Avropa bazarlarına çatdırılması üçün yeni ötürmə marşrutunun yaradılmasını hədəfləyir.
İlkin mərhələdə ADB və AIIB-nin maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması nəzərdə tutulur.
https://report.az/energetika/cinin-yuksekgerginlikli-elektrik-enerjisinin-oturulmesi-tecrubesi-transxezer-dehlizi-ucun-tetbiq-edile-biler