XƏBƏRLƏR

Azərbaycanın Tunisə xam neft ixracı 2,3 dəfə artıb

OKTYABR 27, 2026

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Tunisə ümumilikdə 429 min 376,15 ton xam neft tədarük edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu dövrdə Tunisə ixrac olunan neftin ümumi dəyəri 266 milyon 294,27 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tunisə göndərilən xam neftin həcmi 2,3 dəfə, ixracdan əldə edilən gəlir isə 2,6 dəfə artıb.

Tunis istiqamətində həyata keçirilən tədarüklər Azərbaycanın ümumi neft ixracının 2,71%-ni təşkil edib.

2026-cı ilin ilk doqquz ayında Azərbaycan gömrük bəyannamələri əsasında 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edib. Bu məhsulların ümumi dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dollarına çatıb.

Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon ABŞ dolları olub. Bunun 23 milyard 865 milyon ABŞ dolları ixrac əməliyyatlarının, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.

 

https://report.az/energetika/tunis-azerbaycandan-neft-alisini-2-defeden-cox-artirib