Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada öz brendi altında fəaliyyət göstərən 100-cü yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
Yeni YDM ölkənin şərqində, Dunay çayının sahilində yerləşən və regionun mühüm iqtisadi-mədəni mərkəzlərindən biri olan Qalati şəhərində fəaliyyətə başlayıb.
Rəsmi açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Anar Məmmədov bildirib ki, 15 il əvvəl Rumıniyada ilk SOCAR brendli YDM açılarkən əsas məqsədlər güclü brend formalaşdırmaq, yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etmək və müştəri etimadı qazanmaq olub.
Onun sözlərinə görə, Rumıniya SOCAR-ın strategiyasında xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, ölkə SOCAR-ın brendi ilə investisiya yatırdığı ilk Avropa İttifaqı ölkələrindən biridir və şirkətin burada fəaliyyətini genişləndirməsi Rumıniya iqtisadiyyatına, biznes mühitinə və əhalisinə olan inamını nümayiş etdirir.
“SOCAR Petroleum SA” şirkətinin baş direktoru Ramin Əliyev isə 100-cü yanacaqdoldurma məntəqəsinin açılmasını şirkət üçün mühüm mərhələ kimi qiymətləndirib. O bildirib ki, SOCAR qarşıdakı illərdə Rumıniya bazarındakı mövqelərini gücləndirməyi və bazar payını artırmağı planlaşdırır.
R. Əliyevin sözlərinə görə, yanacaq anbarları da daxil olmaqla logistika infrastrukturuna yatırılan investisiyalar YDM-lərin fasiləsiz təchizatını və yanacağın davamlı çatdırılmasını təmin edir. O əlavə edib ki, yanacağın birbaşa istehsalçıdan alınması SOCAR-a keyfiyyət və yüksək performansı birləşdirən məhsullar təqdim etməyə imkan verir.
Yeni YDM-də digər SOCAR məntəqələrində olduğu kimi “Nano 95” və “Nano 98” benzinləri, “Nano Dizel” və “Nano Super Dizel” məhsulları satışa çıxarılıb. Məntəqənin ərazisində fəaliyyət göstərən “Nar” kafedə isə yerli və Azərbaycandan gətirilən məhsullar təqdim olunur.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə SOCAR-ın Rumıniyadakı məntəqələrində Azərbaycan guşələri də yaradılıb. Bundan əlavə, ölkə üzrə YDM-lərdə quraşdırılmış monitorlarda Azərbaycanın tanıdılmasına yönəlmiş videoçarxlar mütəmadi nümayiş etdirilir.
SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” vasitəsilə həyata keçirir. Şirkətin 2025-ci ildə dövriyyəsi 3,9 milyard lei (təxminən 750 milyon avro) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9,7% çoxdur.
Hazırda şirkətin Rumıniyada üç yanacaq saxlama deposu fəaliyyət göstərir. SOCAR indiyədək ölkə iqtisadiyyatına 400 milyon lei (təxminən 78,4 milyon avro) investisiya yatırıb.
https://report.az/energetika/ruminiyada-socar-brendi-altinda-100-cu-ydm-istifadeye-verilib