XƏBƏRLƏR

SOCAR III rüb üzrə qazma, hasilat, emal və ixrac nəticələrini açıqlayıb

NOYABR 02, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin üçüncü rübündə 21 min metrdən çox qazma işi həyata keçirib.

Hesabat dövründə aparılan qazma işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 74,3% artıb. SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı kimi istismar etdiyi yataqlarda 1,7 milyon ton neft və 1,7 milyard kubmetr qaz hasil edilib.

Ümumilikdə, 2026-cı ilin üçüncü rübündə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub. Ölkə üzrə qaz hasilatı isə 12,5 milyard kubmetr təşkil edib.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara təxminən 4 milyon ton neft ixrac edilib. Bu göstəriciyə şirkətin öz imkanları ilə hasil etdiyi neftlə yanaşı, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neftdən Azərbaycan dövlətinə və SOCAR-a düşən mənfəət payları da daxildir.

Üçüncü rübdə Azərbaycandan xaricə 5,7 milyard kubmetrdən çox təbii qaz ixrac olunub, ölkədaxili qaz istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.

SOCAR hesabat dövründə 1,6 milyon tondan çox neft və təxminən 632 milyon kubmetr qaz emal edib. Şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici bazarlara çıxarılıb.

Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında illik müqayisədə 2,8% artım qeydə alınıb.

 

https://report.az/energetika/socar-bu-ilin-3-cu-rubunun-qazma-hasilat-emal-ve-ixrac-gostericilerini-aciqlayib