Azərbaycan Ukrayna ilə enerji sektorunda tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə noyabrın 5-də Ukraynanın Ujqorod şəhərində keçirilən Azərbaycan-Ukrayna energetika nazirliklərinin dəyirmi masasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, mövcud çətinliklərə və logistika sahəsindəki mürəkkəbliklərə baxmayaraq, Azərbaycan şirkətləri Ukrayna ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. O qeyd edib ki, hazırda ölkədə çoxsaylı Azərbaycan şirkəti təmsil olunmasa da, fəaliyyət göstərənlər arasında beynəlxalq bazarda mühüm mövqeyə malik şirkətlər var. Bu isə maraqların uzlaşdırılması, məsləhətləşmələrin aparılması və konkret nəticələr əldə edilməsi üçün imkanlar yaradır.
P. Şahbazov vurğulayıb ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında etimada əsaslanan dialoq iki ölkənin iqtisadi əlaqələrinin inkişafı üçün siyasi zəmin formalaşdırır.
O bildirib ki, keçirilən dəyirmi masanın əsas məqsədi tərəfdaşlığı konkret layihələrlə möhkəmləndirməkdir. Nazirin sözlərinə görə, illik həcmi 500 milyon ABŞ dollarını aşan ikitərəfli ticarət dövriyyəsi, Azərbaycanda Ukrayna kapitalı ilə fəaliyyət göstərən 290 şirkət, həmçinin SOCAR və “NEQSOL Holding”in Ukraynadakı fəaliyyəti iki ölkənin biznes dairələri arasında sıx əlaqələrin göstəricisidir.
Energetika naziri bərpa olunan enerji, enerji saxlanc sistemləri, enerji səmərəliliyi və elektromobilliyi əməkdaşlığın perspektivli istiqamətləri kimi sadalayıb. O əlavə edib ki, kənd təsərrüfatı və sənaye şirkətlərinin iştirakı ərzaq emalı, logistika, tikinti materialları, elektrotexniki avadanlıqlar və sənaye komponentlərinin istehsalı sahələrində də birgə fəaliyyət üçün imkanlar yaradır.
P. Şahbazov birgə istehsalın təşkili və Azərbaycana investisiya yatırılmasını da tərəfdaşlığın mühüm istiqamətlərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə enerji, nəqliyyat və rəqəmsal bağlantıların genişləndirilməsi, eləcə də regionda sülh və əməkdaşlıq imkanları Azərbaycanın investisiya məkanı kimi cəlbediciliyini artırır.
Nazir bildirib ki, Ələt Azad İqtisadi Zonası, sənaye parkları və investisiya təşviqləri birgə istehsalın qurulmasına və məhsulların regional bazarlara ixracına şərait yaradır.
O, həmçinin Azərbaycanın Ukraynanın sənaye parkları, dövlət-özəl tərəfdaşlığı, bərpa və yenidənqurma layihələri ilə bağlı təkliflərini müsbət qarşıladığını vurğulayıb. P. Şahbazov qeyd edib ki, Azərbaycan şirkətləri bu təşəbbüslərə böyük maraq göstərirlər və bugünkü müzakirələrin yeni layihə və tərəfdaşlıq imkanları yaradacağına ümid edir.
https://report.az/energetika/perviz-sahbazov-baki-kiyevle-enerji-terefdasligini-derinlesdirmeyi-hedefleyir