XƏBƏRLƏR

Azərbaycan COP31 çərçivəsində yaşıl enerji layihələri üzrə beynəlxalq əməkdaşlığı müzakirə edib

NOYABR 11, 2026

Azərbaycan COP31 çərçivəsində bir sıra tanınmış beynəlxalq şirkətlərlə külək və günəş enerjisi layihələri, eləcə də yaşıl enerji dəhlizlərinin inkişafı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

Energetika naziri Pərviz Şahbazov bu barədə sosial şəbəkədəki “X” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, Danimarkanın “Vestas” şirkəti ilə Azərbaycanda külək enerjisi layihələrinin həyata keçirilməsi və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı şirkətin mümkün layihələrdə iştirakı və müasir külək enerjisi texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, P. Şahbazov Antalyada Səudiyyə Ərəbistanının “ACWA” şirkətinin baş icraçı direktoru Dr. Samir J. Serhan ilə külək və günəş enerjisi layihələrinin inkişaf perspektivlərini müzakirə edib. Tərəflər yeni enerji layihələrinin elektrik şəbəkəsinə inteqrasiyası, həmçinin yaşıl enerji dəhlizləri vasitəsilə Türkiyə və Avropa bazarlarına elektrik enerjisi ixracı imkanlarını dəyərləndiriblər.

Nazir, həmçinin COP31 çərçivəsində NKT şirkətinin baş vitse-prezidenti Michael Suhr ilə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə şirkətin sualtı kabel texnologiyaları sahəsində təcrübəsindən istifadə imkanları və layihənin texniki hazırlıq mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

 

https://report.az/energetika/azerbaycan-cop31-de-yasil-enerji-layihelerinde-emekdasligi-muzakire-edib