XƏBƏRLƏR

Azərbaycan Bolqarıstanla qaz təchizatı və yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

NOYABR 11, 2026

Azərbaycan və Bolqarıstan arasında təbii qaz sahəsində əməkdaşlıq, eləcə də “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizinin inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələr energetika naziri Pərviz Şahbazovun COP31 çərçivəsində Antalyada Bolqarıstanın energetika naziri İva Petrova ilə görüşündə aparılıb.

Görüşdə dəhliz layihəsi üzrə birgə müəssisənin yaradılması və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılması məsələləri nəzərdən keçirilib. Bildirilib ki, təşəbbüs yeni bərpa olunan enerji güclərinin yaradılmasına və Azərbaycanda istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çatdırılmasına şərait yarada bilər.

Tərəflər, həmçinin Avropa şirkətlərinin layihədə iştirakı, maliyyələşdirmə mənbələri və texnoloji əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Pərviz Şahbazov COP31 çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə də görüşüb. Görüşdə COP29-un enerji təşəbbüslərinin hazırlanması prosesində IEA-nın göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Tərəflər enerji keçidində elektrikləşmənin artan rolunu, bu sahədə Azərbaycan ilə IEA arasında əməkdaşlığı və əvvəlki birgə fəaliyyətin yeni prioritetlərə uyğunlaşdırılması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, enerji təhlükəsizliyinin təmin edilməsində təbii qazın əhəmiyyəti və yaşıl enerji dəhlizlərinin elektrikləşmənin genişlənməsinə verə biləcəyi töhfə diqqət mərkəzində olub. Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoqun və texniki əməkdaşlığın davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.

 

https://report.az/energetika/azerbaycan-bolqaristanla-qaz-sahesinde-emekdasligi-muzakire-edib