Azərbaycan Trinidad və Tobaqonun enerji sahəsinə mümkün investisiyaların həyata keçirilməsi ilə maraqlanır.
Bu məsələ Azərbaycanın Braziliya, Ekvador, Qayana, Surinam və Trinidad və Tobaqoda akkreditə olunmuş səfiri Rəşad Novruzun Trinidad və Tobaqonun Energetika və Enerji Sənayesi naziri Ernesto Kesarla görüşündə müzakirə edilib.
Səfirin Trinidad və Tobaqoya rəsmi işgüzar səfəri çərçivəsində baş tutan görüşdə beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı və investisiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ernesto Kesar xam neft və təbii qaz ehtiyatlarının davamlı şəkildə işlənməsi və səmərəli idarə olunması baxımından Azərbaycanla Trinidad və Tobaqonun ortaq maraqlara malik olduğunu vurğulayıb. Nazir karbohidrogen resurslarından maksimum iqtisadi fayda əldə edilməsinin milli inkişaf və uzunmüddətli iqtisadi artım üçün əhəmiyyətini qeyd edib.
Rəşad Novruz Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, beynəlxalq enerji investisiyaları və enerji təhlükəsizliyinin təmin olunması sahəsindəki təcrübəsi barədə məlumat verib. O, həmçinin Azərbaycanın infrastruktur imkanlarının və Avropanın qonşu bazarları üçün strateji əhəmiyyətinin diqqətəlayiq olduğunu bildirib.
Azərbaycan nümayəndə heyəti Trinidad və Tobaqonun enerji sektoruna potensial investisiya yatırmaqda maraqlı olduğunu bəyan edib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün dialoqun davam etdirilməsinin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Görüş Trinidad və Tobaqonun beynəlxalq enerji tərəfdaşlıqlarını genişləndirmək, xarici investisiyaları cəlb etmək və regional enerji istehsalçısı kimi mövqeyini gücləndirmək strategiyasına sadiqliyini bir daha nümayiş etdirib.
https://report.az/energetika/azerbaycan-trinidad-ve-tobaqonun-energetikasina-investisiya-yatirmaq-imkanlarini-nezerden-kecirir