XƏBƏRLƏR

Bakı 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcək

NOYABR 16, 2026

2030-cu ildə Bakıda keçiriləcək 27-ci WPC Energy Konqresinin təşkili ilə bağlı WPC Energy və qurumun Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və WPC Energy-nin prezidenti Pedro Miras tərəfindən Energetika Nazirliyində keçirilən görüş zamanı imzalanıb.

Görüşdə konqresə hazırlıq işləri, təşkilati məsələlər və tədbirədək olan müddətdə tərəflərin əməkdaşlıq imkanları müzakirə olunub.

Pərviz Şahbazov Azərbaycanın 2030-cu ildə bu nüfuzlu tədbirə ev sahibliyi etməsinin xüsusi tarixi və strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, sənaye üsulu ilə neft hasilatının ilk dəfə həyata keçirildiyi və dünya neft sənayesinin inkişafına mühüm töhfələr verən Azərbaycanda konqresin təşkili tədbirin tarixi köklərinə qayıdışı kimi qiymətləndirilə bilər.

Nazir qeyd edib ki, 30 ildən artıq tarixə malik Bakı Enerji Həftəsinin təcrübəsi və Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində qazandığı uğurlar konqresin yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. O, Bakı Konqresinin enerji sektorunun tarixi irsi ilə müasir inkişaf meyillərini birləşdirərək qlobal enerji dialoquna və beynəlxalq əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Pedro Miras isə Azərbaycanın konqresə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O vurğulayıb ki, Azərbaycanın qlobal enerji sənayesinin formalaşmasında və inkişafında mühüm rolu, eləcə də beynəlxalq enerji dialoquna verdiyi töhfələr bu tədbiri xüsusi əhəmiyyətli edir. Prezidentin sözlərinə görə, konqres hökumət nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirərək qlobal çağırışların müzakirəsi və praktik həll yollarının müəyyənləşdirilməsi üçün mühüm platforma olacaq.

Qeyd edək ki, Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. 1933-cü ildə əsası qoyulan və iki ildən bir təşkil olunan konqres dünyanın aparıcı enerji platformalarından biri hesab edilir. Tədbir bütün enerji sektorunu əhatə etməklə qlobal problemlərin müzakirəsi, həll yollarının araşdırılması və beynəlxalq əməkdaşlığın inkişafı üçün imkan yaradır.

1933-cü ildə Dünya Neft Şurası (World Petroleum Council – WPC) adı ilə yaradılan təşkilat 2023-cü ildən WPC Energy adı altında fəaliyyət göstərir. Qurum qlobal enerji istehsalı və istehlakının 96 %-ni təmsil edən 60 ölkəni birləşdirir və Milli Komitələr şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu şəbəkəyə 2005-ci ildə yaradılmış WPC Energy-nin Azərbaycan Milli Komitəsi də daxildir.

 

https://report.az/energetika/2030-cu-ilde-27-ci-wpc-energy-konqresine-azerbaycan-ev-sahibliyi-edecek