XƏBƏRLƏR

Macarıstan parlamenti ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib

NOYABR 17, 2026

Macarıstan parlamenti ABŞ ilə mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan hökumətlərarası sazişi təsdiqləyib.

Sənədin ratifikasiyasına 177 deputat səs verib. Heç kim əleyhinə səs verməyib, 6 deputat isə bitərəf qalıb.

Razılaşma çərçivəsində Macarıstanın Pakş atom elektrik stansiyası (AES) üçün Rusiyadan alınan yanacağa alternativ olaraq ABŞ nüvə yanacağının tədarükü nəzərdə tutulur.

Saziş fevralın 16-da Budapeştdə Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumət dövründə imzalanıb. Peter Magyarın rəhbərlik etdiyi yeni hökumət də razılaşmaya dəstəyini təsdiqləyib.

Budapeşt nüvə yanacağını ABŞ-nin "Westinghouse" şirkətindən almağı planlaşdırır. Təxminən 114 milyon dollar dəyərində olan tədarüklərin 3-4 ildən sonra başlanması gözlənilir.

Bundan başqa, tərəflər ABŞ texnologiyaları əsasında Macarıstanda kiçik modul reaktorların istehsalı üzrə beynəlxalq mərkəzin yaradılması imkanlarını araşdıracaqlar. Saziş, həmçinin Pakş AES-də istifadə olunmuş nüvə yanacağının saxlanılması üçün anbarın tikintisində ABŞ texnologiyalarından istifadəni nəzərdə tutur. Layihənin dəyəri təxminən 200 milyon dollar qiymətləndirilir.

 

https://report.az/energetika/macaristan-parlamenti-abs-ile-atom-enerjisi-sahesinde-sazisi-tesdiqleyib