XƏBƏRLƏR

SOCAR, BP və NewMed Energy İsrail sahillərində seysmik tədqiqatları tamamlayıb

NOYABR 19, 2026

SOCAR, BP və İsrailin NewMed Energy şirkətinin daxil olduğu konsorsium Aralıq dənizində, İsrailin müstəsna iqtisadi zonasında yerləşən I-6 müqavilə sahəsində seysmik tədqiqatları başa çatdırıb.

Noyabr ayında I Zonanın müqavilə sahələrində ikiölçülü (2D) və üçölçülü (3D) seysmik tədqiqatlar yekunlaşıb. İşlər I Zonaya aid 4, 5, 6, 7, 8 və 11-ci blokları əhatə edib.

Kəşfiyyat işlərinə 2026-cı ilin oktyabr ayının əvvəlində başlanılıb. Layihənin operatoru olan SOCAR tədqiqatların aparılması üçün beynəlxalq podratçı ilə müqaviləni bu ilin iyul ayında imzalayıb.

Konsorsium iştirakçıları seysmik tədqiqatlar üçün layihənin 100 %-i üzrə ümumilikdə təxminən 25 milyon ABŞ dolları büdcə təsdiqləyiblər. Bu məbləğin təxminən 8,3 milyon dolları NewMed Energy-nin payına düşür.

Hazırda əldə olunmuş məlumatların emalı davam edir. Tədqiqatların yekun nəticələrinin 2027-ci ildə açıqlanması gözlənilir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında SOCAR, BP və NewMed Energy konsorsiumu İsrail Energetika Nazirliyinin elan etdiyi tenderin qalibi olub. Tender Aralıq dənizində "Leviafan" qaz yatağının yaxınlığında yerləşən I-6 Zonasında geoloji kəşfiyyat işlərinin aparılması üçün lisenziyaların əldə edilməsini nəzərdə tuturdu. Müvafiq lisenziya 17 mart 2025-ci ildə verilib.

Bu layihə SOCAR və BP-nin İsrailin qaz sektoruna ilk girişidir. Konsorsiumda SOCAR layihənin operatoru olaraq 33,34 % paya, BP və NewMed Energy isə hər biri 33,33 % paya malikdir.

 

https://report.az/energetika/socar-ve-bp-nin-daxil-oldugu-konsorsium-israil-selfinde-seysmik-kesfiyyati-basa-catdirib