Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirib. Tərəflər uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsi, neft-qaz və yaşıl enerji layihələrinin həyata keçirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüşdə Cio Kristofoli Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti vurğulanıb. Həmçinin Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı və gələcəkdə bu əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsi perspektivləri müzakirə olunub.
Danışıqlar zamanı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın inkişafı və dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" layihəsi çərçivəsində görülən işlər, o cümlədən kompressiya layihəsinin icrası, eləcə də "Qarabağ" yatağının işlənilməsi üzrə növbəti mərhələlər nəzərdən keçirilib.
Bundan əlavə, BP-nin istehsalat obyektlərinin elektrik enerjisi ilə təmin edilməsi imkanları və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib. Tərəflər enerji təhlükəsizliyi, neft-qaz hasilatı və yaşıl enerji istiqamətlərində birgə fəaliyyətin inkişafında qarşılıqlı maraqlarını ifadə ediblər.
https://report.az/energetika/azerbaycan-bp-ile-birge-enerji-layihelerinin-inkisafini-muzakire-edib