XƏBƏRLƏR

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 44 %-dən çox artıb

İYUN 15, 2021

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 14 625 mln kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-may aylarına nisbətən 8,9 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 48,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 7 066,5 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 44,2 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

https://report.az/energetika/baki-tbilisi-erzurum-boru-kemeri-ile-neqetme-44-den-cox-artib/