XƏBƏRLƏR

Azərbaycanda bərpa olunan enerji ilə bağlı bəzi səlahiyyətlər prezidentə aid olacaq

İYUL 12, 2021

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi ölkə prezidentinin razılığı ilə olacaq, bu haqda Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda bildirilir.

Qanuna əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə iki halda baş verəcək:

1) dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə; 
2) bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda.

Həmçinin bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, eləcədə Azərbaycan Respublikasının Prezidenti müəyyən edəcək.

Bundan əlavə bərpa olunan enerji ilə bağlı fəaliyyət planını da prezident təsdiqləyəcək.

Fəaliyyət planına bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəflər daxildir.

https://president.az/articles/52418