Son bir il ərzində bərpa olunan enerji üzrə qanunverici, tənzimləyici və institusional mühitin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar irəlidə bu sahədə nəzərəçarpacaq nailiyyətlərə zəmin yaradır.
“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində deyilir.
Onun sözlərinə görə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun qəbulu, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında yenidən təşkili bu qəbildən olan addımlardır: “Agentliyin fəaliyyətinin ölkəmizdə “yaşıl artıma” töhfə verməyə köklənməsi, həmçinin yeni qanun xarici investorların, özəl sektorun və vətəndaşların bərpa olunan enerji sahəsində iştirakı kimi bir sıra yenilikləri tənzimləyən ilk normativ-hüquqi sənəd olaraq bizi “yaşıl enerji” ilə bağlı hədəflərimizə yaxınlaşdıracaq. Aktiv istehlakçının dəstəklənməsi, informasiya sisteminin yaradılması və bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə aid sertifikatın verilməsi məqsədilə bir sıra alt qanunvericilik aktlarının qəbulu isə prosesi sürətləndirəcək”.
Nazir bildirib ki, bu il qəbul edilmiş daha bir qanun -“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun müasir inkişafın tələbi kimi səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaq: “2022-ci il iyulun 1-dən qüvvədə olacaq bu qanundan irəli gələn normativ hüquqi aktların beynəlxalq təcrübə əsasında hazırlanmasına başlanılıb. Həmçinin sahələr üzrə yol xəritələrinin hazırlanması istiqamətində müvafiq tədbirlər görülür”.
https://report.az/energetika/gelen-ilin-iyulundan-azerbaycanda-energetika-ile-bagli-yeni-qanun-quvvede-olacaq/