“Enerji resurslarından səmərəli istifadə bütün məsələlərin əsasıdır".
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji resurslarından səmərəli istifadənin maliyyələşdirilməsi üzrə mütəxəssisi Pierlusa Merola Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin 5-ci Enerji İnvestsiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütünlüklə bərpa olunan enerji mənbələrinə keçmək üçün bütün istehlak məsələləri həll edilməlidir: “Bu əsrin ortalarına qədər atmosferdəki karbon dioksidin azaldılması ilə bağlı öhdəliyimizi həll etmək üçün istehlak məsələlərinin həlli vacibdir. İkinci mühüm məqam enerji resurlarından səmərəli istifadəyə investisiyaların yatırılmasıdır. Enerji resurslarından səmərəli istifadə sahəsinə sərmayəni sürətləndirmək, bu istiqamətdə maliyyələşdirməni gücləndirmək və səfərbər etmək üçün ictimai maliyyə mənbələrindən istifadə etmək lazımdır və buna ehtiyac var. Bu səbəbə görə, biz hazırda bu tədbiri təşkil edirik”.
P. Merola bu istiqamətdə təsisatların dəstəyi ilə bağlı bir sıra məqamlara toxunub: “Birincisi, texniki yardım vasitələridir. Biz Avropa İttifaqına üzv dövlətlərin təcrübəsindən bilirik ki, həqiqətən çox vaxt yerli regional hakimiyyət orqanlarının, məsələn, maliyyə cəhətdən əsaslandırılmış enerji səmərəliliyinə investisiyalarını inkişaf etdirmək imkanları yoxdur. Bunun üçün Avropa İnvestisiya Bankı tərəfindən dəstək layihələri icra edilir. Bu dəstək layihələri hökumətlərlə əməkdaşlıq çərçivəsində yerli enerji şirkətlərinə, layihələrə qrantlar verilir. Biz bunu vacib hesab edirik. Biz enerji istehlakını azaldır, enerji xərclərinə qənaət edirik, daha çox enerji resurslarından səmərəli istifadə ilə bağlı layihələri inkişaf etdirməyə çalışırıq və layihələri investisiya imkanı ilə təmin edirik”.
O əlavə edib ki, növbəti onillikdə dünyada karbon emissiyalarının azaldılması enerji resurslarından səmərəli istifadəyə daha böyük töhfə verəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün CAREC ölkələrinin enerji forumu öz işinə başlayıb. Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazov təmsil edir. Forumun keçirilməsində məqsəd Mərkəzi Asiya ölkələrinin enerji sektorunda yeni investisiya imkanlarını araşdırmaqdır. Enerji İnvestisiya Forumu Mərkəzi Asiyada özəl investisiyaların həyata keçirilməsinə imkan verən ən qabaqcıl tədbirdir. 2030-cu ilə qədər regionda enerji sektoruna təxminən 400 milyard ABŞ dolları dəyərində investisiya lazımdır. Mərkəzi Asiya ölkələri etiraf edirlər ki, təkcə dövlət sektoru bu maliyyələşdirməni qarşılaya bilməyəcək. Bu istiqamətdə forum regiona investorları cəlb etmək üçün əsas vasitə kimi fəaliyyət göstərir.
https://report.az/energetika/avropa-komissiyasi-emissiyalarin-azaldilmasi-enerji-semereliliyine-tohfe-verecek/