Energetika nazirinin müavini Samir Vəliyev CAREC ölkələrinin enerji forumunda enerji səmərəliliyi iqlim hədəflərinə çatmaq üçün tələb olunan əsas istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, "Rəqəmsallaşma, enerji effektivliyinə malik texnologiyalardan, bərpa olunan enerjidən istifadə, davranış dəyişikliyi enerji səmərəliliyinin əhatə dairəsini və miqyasını genişləndirəcək vasitələr olduğundan Forumda bu xüsusda müzakirə və startaplar yadda qalan məqamlardan oldu. Beynəlxalq Enerji Agentliyinin proqnozlarından da göründüyü kimi, xüsusilə enerji səmərəliliyi siyasətinin rəqəmsal transformasiyası xalis sıfır karbon emissiyasına keçiddə mühüm rol oynayacaqdır. Belə ki, "Net Zero" adlı ssenaridə 2050-ci ildə qlobal enerji tələbatının bugünkündən, təxminən, 8 % az olacağı, bununla belə 2 milyard daha çox əhaliyə və iki dəfə böyük iqtisadiyyata kifayət edəcəyi iddia edilir. Bu baxımdan texnoloji yeniliklərin tətbiqi ilə enerji səmərəliliyi arasındakı əlaqəni ciddi nəzərə almalıyıq".
Onun sözlərinə görə, enerji səmərəliliyi eyni zamanda yeni davranışlar tərzinin məhsuludur. Bu davranış dəyişimində önəmli rol isə gənc nəslə məxsusdur. Forumda məhz gənclərin innovativ ideyalarına yer verilməsi, məhsullarının nümayişi və qiymətləndirilməsi mütərəqqi və motivasiyaedici addım idi.
"Əlbəttə son nəticədə enerji səmərəliliyinin təminatı investisiya, maliyyə dəstəyindən asılıdır. Burada özəl sektorun, maliyyə institutlarının daha yaxından iştirakı və maraqlı tərəfi təmsil etmələri mühümdür. Bu gün bu toplantı regionda enerji səmərəliliyininin investiya aspektindən əhatəli dəyərləndirilməsinə, problemlərin və perspektivlərin müəyyənləşdirilməsinə fürsət yaratdı. Ümid edirik ki, bu Forumun nəticələri CAREC regonuna investisiya cəlbi ilə bağlı hədəfə bizi daha da yaxınlaşdıracaq. Asiya İnkişaf Bankı başda olmaqla digər maliyyə qurumları CAREC regionunda enerji səmərəliliyi ilə bağlı təşəbbüs və layihələrə öz dəstəklərini yeni bir səviyyədə davam etdirəcəklər.
Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığına, xüsusilə Böyükşor gölündə 100 kVt-a qədər gücə malik üzən günəş panelləri sisteminin tikintisinə dair pilot layihəyə və “Elektrik enerjisi tariflərinin müəyyənləşdirilməsi üzrə tarif metodologiyası”nın hazırlanmasına göstərdiyi texniki dəstəyə görə ADB-yə təşəkkür edirəm. Eyni zamanda, ADB-ni enerji səmərəliliyi ilə bağlı planlarımızda da tərəfdaş kimi görməkdən məmnun olacağımızı bildirirəm.".
https://report.az/energetika/azerbaycan-adb-ni-enerji-semereliliyi-ile-bagli-layihelerde-istiraka-devet-edib/