XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

DEKABR 13, 2021

Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. 

Sərəncamam əsasən Nazirlər Kabineti aşağıdakı istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi;
2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi;
3. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi;
4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi;
5. işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;
6. işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi;
7. işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı.

https://president.az/articles/54575